“XƏZƏR” UNİVERSİTETİNDƏ ELMİ-PRAKTİK KONFRANS BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı konfransı açaraq iştirakçıları salamlamış, Azərbaycan və xarici ölkə mütəxəssislərinin bu sahədə topladıqları təcrübənin mübadiləsinin vacibliyini vurğulamışdır.
Qazaxıstan Tibb Universitetinin professoru L.Palqova “Hepatit C, ağır xəstə, bazis antivirus terapiyasının əlavə təsirlərinin monitorinqi” məruzəsi ilə çıxış etmişdir. Məruzədə virusa yoluxmuş xəstələrin nadir hallarda müraciət etdikləri klinik profilaktika nümunələrinə və səmərəli müalicə üsullarına toxunulmuşdur.
Sonra “Xəzər” Universitetinin virusologiya və infeksion xəstəliklər kafedrasının baş müəllimi, L.Şıxlinskaya klinikasının həkimi G.Ağayeva “Hepatit C-nin kombinə olunmuş antivirus terapiyası”, tibb elmləri doktoru, professor N.Bayramov “Qaraciyərin həcmli törəmələrinə diaqnostik yanaşma”, tibb elmləri namizədi S.Tağıyeva “Antifosfolipid sindrom virus hepatiti C-nin qaraciyərdən kənar təzahürü kimi” məruzələri ilə çıxış etmişlər və başqa məruzələr dinlənilmişdir.
Xatırladaq ki, hazırda dünyada hepatit C virusuna yoluxmuş təxminən 170 milyon adam qeydə alınmışdır.
Konfrans noyabrın 7-də başa çatacaqdır.