Xəzər Universitetində keçirilən karyera sərgisində 24 şirkət təmsil olunub
Bakı, 29 may, AZƏRTAC
Mayın 29-da Xəzər Universitetində bu ali məktəbin Karyera Mərkəzinin təşəbbüsü ilə ənənəvi karyera sərgisi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Baker Tilly” şirkətinin xüsusi dəstəyi ilə reallaşan tədbirə Xəzər Universitetinin və digər ali məktəblərin tələbələri və məzunları qatılıblar. Sərgidə ABŞ-ın ölkəmizdəki səfirliyinin və 24 şirkətin nümayəndələri iştirak ediblər.
Xəzər Universitetinin tədris işləri üzrə prorektoru, professor Məmməd Nuriyev bildirib ki, sərgi tələbə və məzunların iş həyatına hazırlaşmalarına istiqamət və stimul vermək, onları mövcud bazarın aparıcı şirkətləri ilə tanış etmək məqsədilə təşkil olunub. Sərginin gənclərin karyera qazanmaları üçün böyük əhəmiyyət kəsb etdiyini deyən prorektor onlara uğurlar arzulayıb.
Nümayəndələr təmsil olunduqları şirkətlərdəki vakansiyalar haqqında ətraflı məlumat veriblər. Gənclər şirkət nümayəndələrinə CV-lərini təqdim ediblər. Sərgidə müxtəlif şirkətlərin təmsilçiləri potensial kadrlar seçmək imkanı əldə ediblər. Sərgi iştirakçılarına Karyera Mərkəzi tərəfindən tədbirin məlumatlandırıcı sənaye materialları təqdim olunub.
Sonda Karyera Mərkəzinin meneceri Səbinə Allahverənova sərgidə təmsil olunan şirkətlərə minnətdarlığını bildirib.