Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair xüsusi işçi qrupun iclası keçirilib
Bakı, 5 aprel, AZƏRTAC
Bakıda, ADA Universitetində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində 44-cü iclası keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçıları və XİN rəhbərləri səviyyələrində keçirilən görüşlər ciddi nəticələrin əldə olunması üzrə mövqelərin daha da yaxınlaşması məqsədilə səylərin birləşdirilməsi üçün əlverişli imkanlar yaradıb. Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı ölkələrin suverenliyi və hüquqlarına hörmət çərçivəsində, eləcə də tərəflər arasında etibarın gücləndirilməsi yolu ilə həll olunmalıdır. Konvensiyanın ən yaxın zamanda imzalanması Xəzəryanı ölkələrin əməkdaşlığına töhfə verəcək.
Bildirilib ki, Bakıda Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının altıncı konfransının keçirilməsi planlaşdırılır. Azərbaycan tərəfi Bakıda katibliyin yerləşdirilməsi haqqında razılaşma layihəsini hazırlayıb və həmin layihəni Xəzəryanı ölkələrə təqdim edib.
İclasda Rusiya Prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiyası və demarkasiyası üzrə nümayəndəsi İqor Bradçikov, İranın xarici işlər nazirinin müavini İbrahim Rahimpur, Qazaxıstanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolova və Türkmənistan Prezidenti yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin rəhbəri Muradgeldi Atadjanov iştirak ediblər.