“XII Beynəlxalq Avrasiya Tətbiqi Elmlər Konfransı” işə başlayıb





Bakı, 17 fevral, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) və İKSAD İnstitutu (Türkiyə) tərəfindən təşkil edilən “XII Beynəlxalq Avrasiya Tətbiqi Elmlər Konfransı”nın plenar iclası işə başlayıb.
MDU-dan AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək və hibrid formatda keçirilən tədbir tətbiqi elmlərin müxtəlif sahələrində çalışan alimləri və tədqiqatçıları bir araya gətirib.
İclasda əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğurunda canından keçən şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad olunub, iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.
MDU-nun rektoru vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov çıxışında elmi əməkdaşlığın və beynəlxalq platformaların inkişafının vacibliyini diqqətə çatdırıb.
İKSAD İnstitutunun rektoru, doktor Mustafa Latif və İKSAD-nın Azərbaycan nümayəndəsi doktor Əlvan Cəfərov da konfransın əhəmiyyətini və tətbiqi elmlər sahəsindəki töhfələrini vurğulayıblar.
Plenar iclasda “Müasir dövrdə tətbiqi elmlərin inkişafı və gələcək perspektivlər” mövzusunda MDU-nun Mühəndislik fakültəsinin dekanı, texnika üzrə fəlsəfə doktoru, dosent Almaz Əliyeva çıxış edib.
Konfransda təqdim edilən bütün tezislər ISBN kodu ilə konfrans materialları kitabında dərc ediləcək. Bu, gələcək elmi araşdırmalar üçün dəyərli bir mənbə olacaq.