Xırdalan məktəbliləri Tbilisidə konsert proqramı ilə çıxış ediblər
Tbilisi, 20 dekabr, AZƏRTAC
Abşeron rayonu Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin kollektivi Gürcüstanda səfərdədir.
Məktəbin şagirdləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və görkəmli bəstəkar, Xalq Artisti, dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyi münasibətilə Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində konsert proqramı ilə çıxış ediblər.
Muzeyin elmi işçisi Leyla Əliyeva açılış mərasimində çıxış edərək deyib ki, dünyanın hər yerində olduğu kimi, Gürcüstanda da bu bayram geniş qeyd olunur. Muzey ilə musiqi məktəbi arasında əldə olunmuş razılığa əsasən, bu il Xırdalan məktəbliləri gürcüstanlı gənclər qarşısında çıxış edirlər.
Musiqi Məktəbinin direktoru İkram Manafov bildirib ki, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə əməkdaşlıq çərçivəsində Gürcüstanın müxtəlif musiqi məktəbləri və kollektivləri ilə əlaqələr yaradılıb. Bu səfər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Tofiq Quliyevin 100 illik yubileyi ilə əlaqədardır. İ.Manafov səfər çərçivəsində Tbilisidəki musiqi məktəbləri ilə əlaqələr yaradıb musiqimizi təbliğ edəcəklərini diqqətə çatdırıb. Bildirilib ki, məktəbin kollektivi Marneuli şəhərində də konsert proqramı ilə çıxış edib.
Sonra məktəbin şagirdləri Atlas Mehdiyeva, Fərid Quliyev, Rəşad İbrahimov, Nuran Sadıqov Tofiq Quliyevin “Axşam oldu”, “Mehriban olaq”, “İstəyirəm görəm səni”, “Uca dağlar” bəstələrini, eləcə də Qarabağ şikəstəsi və Azərbaycanın xalq mahnılarını, nağaraçılar qrupu müxtəlif rəqsləri ifa ediblər.
Konsert çərçivəsində L.Əliyeva muzeyin 2017-ci ildəki fəaliyyəti barədə hesabat verib.
Həmçinin M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Xətayi Əzizov
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi