Xırdalanın küçələrinə asfalt döşənir
Xırdalan, 30 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalan şəhərində küçələrə asfalt örtüyü çəkilir. İşləri Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi icra edir. Hazırda şəhərin M.Ə.Rəsulzadə və Q.Aslanov küçələri əsaslı şəkildə yenidən qurulub.
Bu barədə AZƏRTAC-a Abşeron Rayon İcra Hakimiyyətinin sözçüsü Seymur Qasımov məlumat verib.
Bildirilib ki, M.Ə.Rəsulzadə küçəsinin uzunluğu 1120 metr, eni isə ümumilikdə 14 metr təşkil edir. Layihə çərçivəsində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün piyada səkiləri yenidən qurulub.
Bundan başqa, yenidənqurma işlərinə uyğun olaraq küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Kanalizasiya quyularının qapaqları yenilənib, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdirilib, hərəkətin normal təşkili üçün yol-cizgi və yol-göstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri həyata keçirilib.
Qeyd edək ki, şəhərin Q.Aslanov küçəsində hərəkət axınını fasiləsiz təmin etmək məqsədilə küçənin eni genişləndirilib, piyada səkiləri yenidən qurulub. Kanalizasiya quyularının qapaqları yenilənib, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdirilib. Küçəyə asfalt döşənib və hazırda son tamamlama işləri görülür.
Yeni ilin ilk günlərində Xırdalan şəhərinin Ə.Şəfiyev və R.Behbudov küçələrinin də əsaslı şəkildə yenidən qurulmasına başlanılacaq.