“Xocalı - Unudulmaz yaddaş” adlı musiqili gecə təşkil olunub
Bakı, 25 fevral, AZƏRTAC
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib. Filarmoniya və Bakı Dövlət Kamera Orkestrinin birgə təşkilatçılığı ilə baş tutan “Xocalı - Unudulmaz yaddaş” adlı musiqili gecə orkestrin baş dirijoru Fuad İbrahimovun rəhbərliyi ilə təqdim olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Aysel Kərim məlumat verib.
O bildirib ki, Xocalı faciəsi Azərbaycan xalqının tarixi yaddaşında sağalmaz yara olmaqla yanaşı, milli həmrəyliyin və mənəvi dirənişin simvoludur.
Faciəyə həsr edilən proqramın ilk nömrəsi görkəmli bəstəkar Aqşin Əlizadənin səs və simli orkestr üçün yazdığı IV Simfoniyası - “Muğamvari” olub. Əsər struktur baxımından muğam təfəkkürünün simfonik transformasiyası kimi səciyyələnir. Vokal partiyanı isə Ərəstun Quliyev ifa edib.
“Gecədə, həmçinin Firəngiz Əlizadənin “Şüştər” (“Metamorphosis”) əsəri səsləndirilib. “Şüştər” ladının hüznlü və dərin emosional intonasiyası burada təkcə milli koloriti ifadə etmir, eyni zamanda kədərin fəlsəfi qatlarını açır. Bəstəkarın postmodern elementlərlə zəngin kompozisiya dili milli köklərlə sıx bağlılıq təşkil edir. Məhz bu bağlılıq əsəri lokal çərçivədən çıxararaq universal humanist manifest səviyyəsinə yüksəldir. Çünki faciənin dili millət tanımır - ağrı ümumbəşəridir”, - deyə Aysel Kərim qeyd edib.