Xocalı faciəsi tarixin qara səhifəsindən silinməyəcək
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Qərb Universiteti ilə birgə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Xocalı harayı” mövzusunda tədbir keçirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qərb Universitetinin müəllimi Rauf Həsənov ermənilərin əsrlər boyu torpaqlarımızda günahsız qanlar axıtdıqlarını diqqətə çatdırıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə düşmənin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə törətdiyi Xocalı soyqırımından danışan R.Həsənov qeyd edib ki, bu faciə tarixin qara səhifəsindən silinməyəcək.
XX əsrin ən dəhşətli faciəsi olan Xocalı qətliamının xalqımıza və bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayan R.Həsənov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına siyasi-hüquqi qiymət verildiyini söyləyib.
Digər çıxış edənlər də Xocalı faciəsinin dəhşətlərindən bəhs ediblər. Bildirilib ki, Xocalı qırğını zamanı 613 nəfər ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilib, səkkiz ailə məhv edilib, yüzlərlə sakin əsir və girov götürülüb.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti vurğulanıb.
Sonra şagirdlər ədəbi-bədii kompozisiya göstərib, Xocalıya həsr olunmuş şeirlər səsləndiriblər.