Xocalı faciəsi XX əsrin ən dəhşətli və qəddar terror aktlarından biridir
Bakı, 25 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademiyanın azad həmkarlar ittifaqının (təşkilatçılığı ilə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə erməni vəhşiliyinin qurbanı olmuş Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə AMEA azad həmkarlar ittifaqının sədri, tarix üzrə fəlsəfə doktoru Adil Mirabdullayev Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması istiqamətində görülmüş işlərdən danışmışdır. Bildirmişdir ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli və ardıcıl işlər məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. O, Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli işlər görüldüyünü, xarici dillərdə kitab və sənədlərin dərc olunduğunu diqqətə çatdırmışdır.
Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun həmkarlar ittifaqı komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov “Xocalı soyqırımı əsrin faciəsidir” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzəçi bildirmişdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır.
Digər çıxış edənlər də bu faciənin XX əsrin ən dəhşətli və qəddar hadisələrindən biri olduğunu bildirmişlər.
Sonra Xocalı soyqırımı haqqında film nümayiş olunmuşdur.