Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılmasında ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 328 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə məktəbin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər.
Tədbirdə çıxış edən məktəbin direktoru Leyla Baxşıyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində törətdikləri vəhşilikdən danışmışdır. Bildirilmişdir ki, həmin gün 613 Xocalı sakini amansızcasına qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 1275 nəfər əsir götürülmüşdür.
Məktəbin direktoru soyqırımının beynəlxalq müstəvidə tanıdılmasında ulu öndər Heydər Əliyevin misilsiz rolundan söhbət açmışdır.
Sonra məktəblilərin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilmişdir.
Məlumat verilmişdir ki, fevralın 26-da məktəbin bütün siniflərində ilk dərslər Xocalı soyqırımına həsr ediləcəkdir. Açıq dərslərdə şagirdlərə ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumatlar veriləcəkdir.
Məktəbin foyesində “Xocalı faciəsini unutmayaq” mövzusunda sərgi və şagirdlərin çəkdikləri əl işləri nümayiş olunmuşdur.