Xocalıda həlak olmuş insanların günahı azərbaycanlı olmaları idi
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Bakı Slavyan Universitetində (BSU) Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdikləri tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və faciəni əks etdirən film nümayiş olunmuşdur.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin Azərbaycan xalqının tarixində çox ağır və qanlı bir səhifə olduğunu vurğulamışdır. Bildirmişdir ki, bu hadisə sovet rejiminin, erməni faşistlərinin qonşu xalqa qarşı yeritdiyi vəhşi siyasətin nəticəsi kimi gerçəkləşmişdir. Xocalıda həlak olmuş şəhidlərin günahı onların azərbaycanlı olması idi. Xocalı ilə bağlı olan yaramız hələ də sızlayır və biz heç bir zaman bu faciəni unutmayacağıq. Xocalıda törədilənlər təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyət əleyhinə törədilmiş soyqırımı aktıdır.
“Azərbaycanşünaslıq” Tədris-Mədəniyyət Mərkəzinin böyük elmi işçisi Sadir Məmmədov Xocalı faciəsinin mahiyyətini açıqlamış, ermənilərin törətdikləri dəhşətli əməllərdən danışmışdır.
Tələbə ictimai təşkilatlarının fəalları və magistrantlar da çıxışlarında “Xocalıya ədalət” tələbi ilə Xocalı faciəsini yad edərək, şəhidlərimizin qisasının alınacağı və Xocalıya qayıdacağımız günün heç də uzaqda olmadığını qeyd etmişlər.