Xocavənd rayonundan olan 80 aztəminatlı ailəyə ərzaq yardımı edilib
Beyləqan, 14 aprel, AZƏRTAC
Xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Eyni zamanda ahıl insanlara, şəhid və aztəminatlı ailələrə zəruri yardımlar göstərilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Dəstək olaq" sosial layihəsi çərçivəsində Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən Beyləqan rayonu ərazisində müvəqqəti məskunlaşan 80 ailəyə müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılıb. Aksiyaya müxtəlif idarə və təşkilatlar, eyni zamanda, rayonun xeyriyyəçi gəncləri də qoşulub. Söhbət zamanı vətəndaşlara ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etmələri tövsiyə edilib.
Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.