Xocavəndli ziyalı: Tibbi maskadan istifadə və sosial məsafənin qorunması olduqca vacibdir
Beyləqan, 10 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə səsləməlidir. Xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin qorunması olduqca vacibdir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xocavənd rayonundan olan ziyalı Mehrab Məmmədov deyib.
Mehrab Məmmədov bildirib ki, dünyanı bürüyən, artıq birinci mərhələsi başa çatan, hətta bəzi ölkələrdə ikinci dalğası müşahidə olunan, sosial və iqtisadi fəsadları getdikcə dərinləşən koronavirus pandemiyası hər bir ölkə üçün sınaqdır. Hər bir dövlət bu sınaqdan az itki ilə çıxmaq üçün malik olduğu imkanlara, təcrübəyə uyğun addımlar atır. Reallıq budur ki, əksər dünya ölkələrində koronavirus pandemiyasının istər insanların sağlamlığına, istərsə də iqtisadiyyata vurduğu zərbələr ölçüyəgəlməz dərəcədə böyükdür.
Xocavəndli ziyalı koronavirus pandemiyasına qarşı ölkəmizdə aparılan mübarizə tədbirlərini yüksək qiymətləndirərək deyib: "Pandemiyanın qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasət aparılır, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımlar atılır. Dövlətimiz əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, təxirəsalınmaz tədbirlər həyata keçirir".
Mehrab Məmmədov koronavirusa tutulanların statistikasının son günlər ürəkaçan olmadığını diqqətə çatdıraraq bildirib: "Xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunması təəssüf hissi doğurur. Odur ki, vətəndaşlar sosial məsuliyyət hissini artırmalı, özlərini qorumaqla yanaşı, ətrafdakıların da qayğısına qalmalıdırlar. Ümumi bəlamız olan koronavirus pandemiyasından qorunmaq üçün Prezidentimizin çağırışına qoşularaq birlik nümayiş etdirməli, sosial məsafənin saxlanılması və maskalardan istifadəyə ciddi yanaşmalıyıq".