XRG şirkəti: Qarşıdakı onilliklərdə qlobal təbii qaz tələbatında əhəmiyyətli artım olacaq
Bakı, 2 iyun, AZƏRTAC
Qarşıdakı onilliklər ərzində qlobal təbii qaz tələbatında əhəmiyyətli artım gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Həftəsinin “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında çıxışı zamanı Birləşmiş Ərəb Əmirliklərinin XRG şirkətinin aktivlərin idarə olunması üzrə baş vitse-prezidenti Bassem Tadros deyib.
“Hesab edirik ki, 2050-ci ilə qədər təbii qaza olan qlobal tələbat təxminən 20 faiz artacaq, mayeləşdirilmiş təbii qazın (LNG) ticarət həcmi isə təxminən 65 faiz yüksələcək”, - deyə o bildirib.
Təmsil etdiyi şirkət haqqında məlumat verən Bassem Tadros qeyd edib ki, Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) beynəlxalq enerji investisiya şirkəti olan Birləşmiş Ərəb Əmirliklərinin XRG şirkəti 80 milyard dollar həcmində enerji investisiya platforması kimi təsis olunub və iki mühüm üstünlüyü özündə birləşdirir: "Bir tərəfdən, güclü maliyyə imkanlarına və iri investisiya potensialına malikdir, digər tərəfdən isə arxasında yüksək texniki ekspertizaya sahib ana şirkət dayanır. Bundan əlavə, dünya üzrə hökumətlər və sənaye iştirakçıları ilə möhkəm əməkdaşlıq əlaqələrimiz var. Bu amillərin birləşməsi bizə qlobal qaz layihələrinin həyata keçirilməsində yeni imkanlar açır".