REGİONLAR
Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb VİDEO
Xaçmaz, 17 may, Elxan Yusifli, AZƏRTAC
İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, uzun müddətdir əsaslı təmir işləri aparılmadığından 23 kilometrlik yolun hərəkət hissəsi sıradan çıxmış, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdı.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan tikinti işləri çərçivəsində yol üçüncü texniki dərəcəyə uyğun olaraq 7-8 metrədək genişləndirilir. Yol yatağının eni isə 12 metr təşkil edəcək. Yolun yaşayış məntəqələrindən keçən hissəsində piyada səkiləri salınacaq.
Xatırladaq ki, Prezidentin Sərəncamına əsasən, Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi üçün “Azəravtoyol” ASC-yə 5,2 milyon manat ayrılıb.