XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ VƏTƏNƏ, DÖVLƏTÇİLİYƏ VƏ ALİ BAŞ KOMANDANA DAİM SADİQ OLACAQDIR
Dekabrın 14-də Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində Cəmşid Naxçıvanski adına Hərbi Litseyin yaradılmasının 30 illiyi münasibətilə təntənəli yığıncaq keçirilmişdir.
Xüsusi Dövlət Mühafizə Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə əvvəlcə dövlət himni səsləndi. Sonra Xidmətin rəisi general-leytenant Vaqif Axundov məruzə etdi. Natiq dedi ki, Cəmşid Naxçıvanski adına Hərbi Litseyin yubileyinin ölkəmizdə təntənəli şəkildə qeyd edilməsi haqqında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin 2002-ci il 19 noyabr tarixli Sərəncamı Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyətində sonsuz iftixar və qürur hissi doğurmuşdur. Çünki bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyətinin böyük əksəriyyəti həmin litseyin - “Heydər Əliyev məktəbi”nin məzunlarıdır.
Qafqazda ilk dəfə olaraq belə bir təhsil ocağının Azərbaycanda yaradıldığı tarixi şəraitə toxunan general-leytenant Vaqif Axundov bunu cənab Heydər Əliyevin xalqımız və dövlətimiz üçün gördüyü saysız-hesabsız işlərin ən vaciblərindən biri kimi dəyərləndirdi. O, bildirdi ki, hərbi litseyin fəaliyyətə başlaması keçmiş Sovet İttifaqının müxtəlif ali hərbi məktəblərində təhsil almaqla milli hərbi kadrların yetişməsinə şərait yaratmış, müstəqillik illərində isə respublikamızda bir neçə ali hərbi məktəbin açılmasına təkan vermişdir.
Litseyin bu gün müasir standartlara uyğun komplektləşdiyini, Naxçıvanda filialının açıldığını diqqətə çatdıran natiq onun yubileyinin keçirilməsi barədə Sərəncamın tarixi əhəmiyyətini bir daha vurğulayaraq, bu sənədin şəxsi heyətin hər bir üzvü tərəfindən dərindən öyrənilməsinin vacibliyini söylədi.
Cəmşid Naxçıvanski adına Hərbi Litseyin məzunları olan Xüsusi Dövlət Mühafizə Xidmətinin zabitləri - Milli Qvardiyanın tabur komandiri polkovnik-leytenant Vaqif Mustafayev, Xidmətin şəxsi heyətlə iş üzrə şöbəsinin əməkdaşı Akif Abbasov, Milli Qvardiya qərargahının əməkdaşı Asif Bayramov, şəxsi heyətlə iş üzrə şöbənin rəisi polkovnik-leytenant Məmməd Seyidov təntənəli yığıncaqda çıxış edərək, hərbi litseyin - “Heydər Əliyev məktəbi”nin məzunu olmaları ilə daim fəxr etdiklərini vurğuladılar, bundan sonra da vətən qarşısında vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə, hərbi litseyin müdavimi adını və şərəfini daim uca tutacaqlarına söz verdilər.
General-leytenant Vaqif Axundov təntənəli yığıncağa yekun vurdu.
Cəmşid Naxçıvanski adına Hərbi Litseyin müdavimləri - Xüsusi Dövlət Mühafizə Xidmətinin zabitləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevə müraciət qəbul etdilər. Müraciətdə deyilir:
- Möhtərəm Prezident! Cənab Ali Baş Komandan!
Biz - Cəmşid Naxçıvanski adına Hərbi Litseyi bitirən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin zabitləri litseyin 30 illik yubileyinin qeyd olunması barədə Sizin 2002-ci il 19 noyabr tarixli Sərəncamınızı böyük iftixar və qürur hissi ilə qarşılamışıq.
Keçmiş Sovetlər İttifaqı dövründə Azərbaycan xalqının hərbi ənənələrini və hərbi peşəkarlıq qabiliyyətini zəiflətmək məqsədi ilə azərbaycanlı gənclər, əsasən, SSRİ silahlı qüvvələrinin xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrinə xidmətə göndərilirdilər. Məhz həmin vaxt milli hərbi kadrlar yetişdirmək və azərbaycanlı gənclərin ali hərbi məktəblərə daxil olmasına şərait yaratmaq məqsədi ilə Siz 1971-ci ildə keçmiş İttifaq respublikaları arasında ilk və yeganə hərbi məktəbin Azərbaycanda açılmasına nail oldunuz. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli nizami ordunun yaradılması ən vacib məsələlərdən biri kimi qarşıda durdu. Bu məsələnin həllində banisi olduğunuz Cəmşid Naxçıvanski adına Hərbi Litsey tarixi rol oynadı.
Hazırda dövlətimizin Silahlı Qüvvələrinə peşəkar azərbaycanlı zabitlər rəhbərlik edir və bunların böyük əksəriyyəti Sizin müdrikliyiniz və uzaqgörənliyiniz, yenilməz iradəniz və qətiyyətiniz sayəsində 30 il əvvəl yaradılmış Cəmşid Naxçıvanski adına litseyin yetirməsi olan hərbi kadrlardır. Məhz bu kadrların peşəkarlığı sayəsində Azərbaycanın Silahlı Qüvvələri təkmilləşərək qüdrətini artırır.
Cənab Ali Baş Komandan!
Dövlətçiliyimizin keşiyində duran, Azərbaycan Respublikasının qarantı olan Prezidentin təhlükəsizliyini təmin edən Xüsusi Dövlət Mühafizə Xidmətinin sıralarında Cəmşid Naxçıvanski adına Hərbi Litseyin məzunları da şərəflə qulluq edirlər.
Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının ilk alay komandiri mayor Əfqan Hüseynov 1992-ci ilin noyabr ayında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 1995-ci ildə Ə.Hüseynova Milli Qəhrəman adını Siz vermisiniz.
Xüsusi Dövlət Mühafizə Xidmətində bu gün qulluq edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına litseyin yetirməsidir. Onlarla birlikdə Xüsusi Dövlət Mühafizə Xidmətinin və onun Milli Qvardiyasının bütün şəxsi heyəti Azərbaycanın müstəqilliyini uca tutaraq onun dövlətçiliyinin, xalqımız tərəfindən seçilmiş Prezidentinin etibarlı mühafizəsini vətən qarşısında özlərinə müqəddəs borc hesab edirlər.
Cənab Prezident!
Xüsusi Dövlət Mühafizə Xidmətinin və onun Milli Qvardiyasının şəxsi heyəti vətənin müdafiəsi, dövlətçiliyimizin və ali dövlət orqanlarının qorunması işində Sizin əmrlərinizi, göstərişlərinizi hər an yerinə yetirib, yetirir və Sizi əmin edirik ki, bundan sonra da yerinə yetirəcəkdir.