Xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında keçirilən turnirə yekun vurulub
Bakı, 26 iyul, AZƏRTAC
AFFA-nın maliyyə dəstəyi, “Sirius” Futbol Akademiyasının təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin tərəfdaşlığı, Binəqədi Gənclər Evinin ev sahibliyi ilə keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri” layihəsinə yekun vurulub.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, üçüncü yer uğrunda görüşdə "Yasamal" və "Binəqədi" komandaları qarşılaşıblar. "Yasamal" komandası rəqibinə 8:2 hesabı ilə qalib gələrək üçüncü yerə layiq görülüb.
Final görüşündə isə "Azadlıq” və "Gənclik" komandaları üz-üzə gəliblər. Oyunun əsas vaxtı 7:7 hesabı ilə başa çatıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən “Gənclik” komandası yekunda 6:5 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.
Mükafatlandırma mərasimində AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, “Sirius” klubunun rəhbəri Bilal Abbaszadə və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, turnirdə 8 komanda iştirak edib. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan autizmli və daun sindromlu uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların futbola təşviqi, sosial həyatlarında üzləşdiyi çətinliklərin qaldırılmasına yardımçı olmaq, cəmiyyətə inteqrasiyaların sürətləndirilməsinə nail olmaqdır.