ELM VƏ TƏHSİL
Yanğından mühafizə məsələləri daim diqqətdə olmalıdır
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Yanğından mühafizə üsulları və onun həyata keçirilməsində müəssisə və təşkilatların üzərinə düşən vəzifələr” mövzusunda seminar-məşğələ keçirilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, tədbir AMEA rəyasət heyəti aparatının ikinci xüsusi şöbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi, FHN Akademiyası və FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Seminar-məşğələni ikinci xüsusi şöbənin rəisi Eldar Quliyev açaraq AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə qərargah rəislərinin baş verə biləcək fövqəladə hallarla bağlı mütəmadi məlumatlandırıldığını və bu istiqamətdə mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Tədbirin keçirilməsinin əhəmiyyətindən danışan şöbə rəisi bildirib ki, əsas məqsəd əməkdaşları maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyyə olunmasının öyrədilməsidir.
Sonra FHN-in Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi barədə məlumat verib. Bildirilib ki, hər bir müəssisədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvafiq standartlara, tikinti norma və qaydalarına, texnoloji layihələşdirmə normalarına, həmçinin müəyyən edilmiş qaydada tətbiq edilmiş digər normativ sənədlərin tələblərinə ciddi riayət olunmalıdır. İnzibati binalarda, onun mərtəbələrində olan insanları yanğın hadisəsi haqqında məlumatlandırmaq üçün xəbərverici qurğuların quraşdırılması vacibdir.
FHN Akademiyasının yanğın təhlükəsizliyi ixtisası kafedrasının rəisi, daxili xidmət polkovnik-leytenantı Kazım Kazımov, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Təbliğat şöbəsinin rəisi, polkovnik Hikmət Cəfərov və həmin şöbənin baş mütəxəssisi Nizami Fərəcov fövqəladə hallar zamanı davranış qaydalarının öyrənilməsi və təhlükəsizlik qaydalarına ciddi əməl olunması baxımından bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə iştirakçılara fövqəladə hallar barədə ətraflı məlumat verilib, mövsüm üçün xarakterik olan fövqəladə hadisələrdən bəhs edilib, həmin hadisələr zamanı düzgün davranış qaydaları açıqlanıb.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.