“Yanq Boyz” və “Qarabağ” komandaları arasında ilk oyunu israilli hakimlər briqadası idarə edəcək
Bakı, 13 avqust, AZƏRTAC
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Yanq Boyz” - “Qarabağ” qarşılaşmasını israilli baş hakim Alon Yefet idarə edəcək.
AZƏRTAC xəbər verir ki, yan xətt hakimləri isə onun həmyerliləri Danni Krasikov və Mahmud Mahanya olacaqlar. Oyunda dördüncü hakim funksiyasını isə Zir Adler yerinə yetirəcək.
“Yanq Boyz” və “Qarabağ” komandaları avqustun 20-də Berndəki “Stad de Syuiss” stadionunda Bakı vaxtı ilə saat 23:00-da üz-üzə gələcək.
A.Yefet ötən il sentyabrın 9-da “Avro-2016” seçmə mərhələsində Azərbaycan-Bolqarıstan (1:2) oyununu idarə etmişdi.