REGİONLAR
Yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə 2232 sərnişin daşınıb
Naxçıvan, 13 fevral, AZƏRTAC
Yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 1229, Bakıdan Naxçıvana isə 1003 sərnişin daşınıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xidmət tərəfindən yanvar ayında muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidməti səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər keçirilib, mövcud çatışmazlıqlar aradan qaldırılıb.
Beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyəti diqqət mərkəzində saxlanılıb, Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında turların təşkil olunması üçün Türkiyənin “Babək Turizm” və “Ata-Tur Turizm” firmaları ilə danışıqlar aparılıb, sərnişindaşıma fəaliyyəti göstərilməsi üçün müqavilələr bağlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq, sərnişinlərin vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunun axşam reysləri fəaliyyətə başlayıb.
Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət edilməsi üçün “Naxtel-4G” monitorinqizləmə sistemindən istifadə olunub, taksi və avtobus sürücülərinin ayda iki dəfə qrup şəklində muzeylərə ekskursiyaları təşkil edilib, rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin olunub.