İQTİSADİYYAT
Yanvar–mart aylarında 87 min 587 “Asan İmza” sertifikatı verilib
Bakı, 12 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 148 min 75 şəxs qəbul edilib və onlara 281 min 491 sayda xidmət göstərilib. Bunlardan 80 minə qədəri şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 69 mindən çoxu isə elektron xidmətlər (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, rüb ərzində göstərilmiş ümumi elektron xidmətlərin 88,4 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.
Birinci rübdə 1015 vergiödəyicisinin iştirakı ilə 76 görüş keçirilib, 1381 ödəyiciyə ünvanlı xidmət göstərilib. Vergiödəyicilərindən daxil olmuş 6,7 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4,1 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 481 minə yaxın SMS göndərilib.
Üç ayda ümumilikdə 58 min 316 müraciət üzrə 87 min 587 “Asan İmza” sertifikatı verilib, 3700-dən çox vergiödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan “Asan İmza”, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.