İQTİSADİYYAT
Yanvarda OPEC-in neft hasilatı sutkada 30,8 milyon barrelə düşüb
Bakı, 12 fevral, AZƏRTAC
Yanvarda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik xam neft istehsalı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC üzrə neft hasilatı yanvarda ötən ilin dekabr ayı ilə müqayisədə 797 min barrel azalaraq sutkada 30 milyon 810 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə əvvəlki aya görə 0,5 faiz düşərək 31 faiz təşkil edib.
Ötən ay OPEC-ə üzv ölkələrdən neft istehsalını ən çox Nigeriya və Ekvatorial Qvineya artırıb. Nigeriyada sutkalıq hasilat 52 min barrel çoxalaraq 1 milyon 792 min barrelə çatıb. Ekvatorial Qvineyada gündəlik istehsalı isə 8 min barrel artaraq 117 min barrel olub.
Yanvarda kartelə üzv ölkələrdə neft istehsalı ən çox Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytdə azalıb. Səudiyyə Ərəbistanının gündəlik hasilatı 350 min barrel azalaraq 10 milyon 213 min barrelə düşüb. BƏƏ-nin neft istehsalı 146 min barrel geriləyərək sutkada 3 milyon 78 min barrel təşkil edib. Küveytdə hasilat 90 min barrel azalaraq 2 milyon 710 min barrelə düşüb.
Keçən ay dünyada 19 qazma qurğusu fəaliyyətə başlayıb və ümumilikdə qurğuların sayı 2 min 420-yə çatıb. Həmin qurğuların 569-u OPEC-ə üzv ölkələrdədir.