SİYASƏT
YAP AĞCABƏDİ RAYON TƏŞKİLATI SEÇKİLƏRƏ HAZIRLIQLA BAĞLI SEMİNAR-MÜŞAVİRƏ KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 15-də Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi Rayon Təşkilatında 83 saylı Ağcabədi-Ağdam seçki dairəsinə daxil olan YAP ərazi seçki qərargahları üzvlərinin iştirakı ilə prezident seçkilərinə hazırlıqla əlaqədar seminar-müşavirə keçirilmişdir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov seçkilərin demokratik və şəffaf keçirilməsi üçün ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, YAP ərazi seçki qərargahlarının qarşısında duran vəzifələrdən danışmışdır.
Seminar-müşavirədə 18 yaşı tamam olmuş və səsvermə hüququ olan vətəndaşlara şəxsiyyət vəsiqəsi verilməsi prosesinin sürətləndirilməsi, əhalinin qeydiyyatı, xüsusən də xarici ölkələrdə və digər yaşayış məntəqələrində müvəqqəti yaşayan, hərbi xidmətə yollanan və xidmətdən qayıdan gənclərin, ali və orta ixtisas məktəblərində əyani təhsil alan tələbələrin qeydiyyata alınması və başqa məsələlər müzakirə edilmiş, yekun qərar qəbul edilmişdir.
Seminar-müşavirədə digər çıxış edənlər seçkilərə hazırlıq prosesində müşahidə olunan nöqsanlardan və onların aradan qaldırılması yollarından, qarşıda duran vəzifələrdən danışmışlar.