YAP AĞSU RAYON TƏŞKİLATININ VI KONFRANSI OLMUŞDUR
Konfrans nümayəndələri və qonaqlar əvvəlcə şəhərin Heydər Əliyev adına mərkəzi meydanında ümummilli liderimizin abidəsinin, habelə İkinci dünya savaşında və Qarabağ uğrunda döyüşlərdə həlak olan ağsuluların şərəfinə ucaldılmış xatirə kompleksinin önünə əklillər və gül-çiçək dəstələri qoymuşlar.
Şəhər mədəniyyət sarayında keçirilən konfransı YAP rayon təşkilatının sədri Böyükkişi Pənahov açdıqdan sonra dövlət himni səsləndirilmişdir.
İştirakçılar görkəmli dövlət xadimi, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Təşkilatın sədrinin hesabat məruzəsi, habelə mandat komissiyasının və nəzarət-təftiş qrupunun hesabatları dinlənilmiş, müzakirələr olmuşdur.
Məruzə və çıxışlarda qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin fədakarlığı və qəhrəmanlığı ilə qurulan, möhkəmlənən və qısa müddətdə böyük inkişaf yolu keçən Azərbaycan işıqlı gələcəyə doğru inamla irəliləyir. Azərbaycan Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının sədri, ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünya birliyində öz layiqli yerini tutmuşdur. Uğurlu daxili və xarici siyasət sayəsində o, müstəqilliyini, xoşbəxt gələcəyini təmin etmişdir. Natiqlər bu il iyunun 30-da ölkəmizin başçısının Ağsuya gəlişini, sakinlərlə görüşünü böyük tarixi hadisə kimi dəyərləndirərək, bu səfərin rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna əhəmiyyətindən danışmışlar.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramından irəli gələn vəzifələrin rayonda uğurla həyata keçirildiyi, iqtisadiyyatda əldə olunan nailiyyətlər konkret faktlarla göstərilmiş, bu nailiyyətlərin qazanılmasında öz sıralarında 2400 nəfərdən çox üzvü birləşdirən YAP rayon təşkilatının böyük rolu, məqsədyönlü fəaliyyəti vurğulanmışdır. Qeyd edilmişdir ki, təşkilat həm də rayonun ictimai-siyasi həyatında aparıcı qüvvəyə malikdir.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, rayon İcra hakimiyyətinin başçısı Əflatun Rufiyev, Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış etmişlər.
YAP üzvlüyünə qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Konfransda YAP rayon təşkilatının sədri və şurası seçilmişdir.
Konfrans iştirakçıları adından ölkəmizin Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.