YAP BƏRDƏ RAYON TƏŞKİLATININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 10-da Yeni Azərbaycan Partiyası (YAP) Bərdə Rayon Təşkilatının IX konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək düzmüşlər.
YAP Bərdə Rayon Təşkilatının sədri Emil Calalov qurumun fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, 1992-ci ilin dekabrından fəaliyyət göstərən rayon təşkilatı son illər həm keyfiyyət, həm də kəmiyyət baxımından yenidən qurulmuş, rayonun ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrilmişdir.
Rayon təşkilatı ötən konfransdan keçən müddət ərzində daha da təşkilatlanmış, ictimaiyyət arasında kütləviliyi artmışdır. Hesabat dövründə partiya üzvlərinin sayı 734 nəfər artaraq 7043 nəfər olmuşdur. Onların 2 min nəfərdən çoxu gənc, 1860 nəfəri qadındır.
E.Calalov bildirmişdir ki, bərdəlilər ümummilli lider Heydər Əliyevə və onun siyasi kursuna sədaqətlərini daim sübut etmişlər və qarşıdan gələn prezident seçkilərində bu kursun layiqli davamçısı Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə səs verəcəklər.
Konfransda çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev YAP Bərdə Rayon Təşkilatının fəaliyyətindən və seçkiyə hazırlıqdan danışmışdır.
Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü Kərim Kərimov partiyanın keçdiyi yoldan, prezident seçkiləri ərəfəsində rayon təşkilatının qarşısında duran vəzifələrdən danışmışdır.
Konfransda Yeni Azərbaycan Partiyasının IV qurultayına Bərdə rayon təşkilatından nümayəndələr seçilmişdir.
Konfransda Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.