YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Asif Abışovun ailəsini ziyarət ediblər
Bərdə, 10 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçu Abışov Asif Əlövsət oğlunun ailəsini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, şəhid Asif Abışovun keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Asif Abışov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Xocavənd rayonu istiqamətində şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Şəhidin atası Əlövsət Abışov, anası İsbət Hətəmova və qardaşı Arif Abışov Asifin hərbidəki xidmətlərindən və ömür yolundan danışıblar. Eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər.
Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanıb, bəzi problemlərinin həlli üçün köməklik göstəriblər. Daha sonra partiya fəalları şəhid Asif Abışovun ailə üzvləri ilə birlikdə şəhidin qəbrini ziyarət edib, kəndin mərkəzində şəhidin adına inşa edilmiş bulaqla tanış olublar.