YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Qurtuluşdan tərəqqiyə” adlı videokonfrans keçirilib
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan tərəqqiyə” adlı videokonfrans keçirilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, videokonfransda çıxış edən Milli Məclisin deputatı Ramin Məmmədov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb.
Sonra YAP Gənclər Birliyinin Milli Qurtuluş Günü münasibətilə hazırladığı videoçarx nümayiş etdirilib.
Daha sonra konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov bildirib ki, 15 iyun olmasaydı nə Azərbaycan, nə də suveren dövlətimiz olacaqdı. Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Heydər Əliyev olub. Tale elə gətirib ki, 1992-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi daxil olub. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. O dövrkü iqtidarın səbatsızlığı ucbatından xalqın milli arzuları puça çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə ölkə vətəndaşlarının nəzəri Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Hamı Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşünü səbirsizliklə gözləyirdi. Ölkənin hər yerində izdihamlı mitinqlər keçirilir, Heydər Əliyevin təcili olaraq Azərbaycanda rəhbərliyə gətirilməsi tələb olunurdu. Ehtimallar, ümidlər özünü doğrultdu və Heydər Əliyev qayıtdı. Bu qayıdış Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.
YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə Milli Qurtuluş Gününün Azərbaycan tarixində müstəsna yer tutduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan tarixində çətin, gərgin anlar çox olub. Xalqımız ağır sınaqlarla üz-üzə qalıb. Müasir dövrümüzdə isə belə çətin məqamlardan biri SSRİ-nin süqutu ərəfəsində Azərbaycan torpaqlarının işğal olunması, respublika daxilində siyasi böhranın hökm sürməsi idi. 1991-ci ildə müstəqilliyimiz elan olunsa da, onun taleyi sual altında idi. Məhz belə bir zamanda xalqımız problemlərdən yeganə çıxış yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında partiyanın 550 nəfərdən ibarət ilk təsis konfransı keçirildi. Artıq iqtidarda olan Xalq Cəbhəsi başa düşürdü ki, hakimiyyəti idarə etmək iqtidarında deyil. Ona görə də Heydər Əliyevi Bakıya dəvət etdilər. 1993-cü il iyunun 15-də parlamentin sessiyası keçirildi və Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Milli Məclisdə olanlar yaxşı başa düşürdülər ki, ölkədə yaranmış çox ağır və çətin vəziyyəti məhz ulu öndər Heydər Əliyev aradan qaldıra bilər. Azərbaycanın bu günü və gələcəyi məhz Heydər Əliyevin apardığı düzgün siyasətlə bağlıdır. Beləliklə də, Heydər Əliyevin 1993-cü il 15 iyunda hakimiyyətə qayıdışı xalqımızın, Azərbaycan dövlətinin qurtuluşu oldu.
Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Arif Rəhimzadə həmin siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Sonda çıxış əminliklərini bildiriblər ki, Milli Qurtuluş Günü növbəti illərdə ölkəmizin daha böyük uğurları ilə qeyd olunacaq.