CƏMİYYƏT
YAP Mərkəzi Aparatında qanvermə aksiyası keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının inzibati binasında qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya YAP Mərkəzi Aparatı və Səhiyyə Nazirliyinin Respublika Qan Bankı tərəfindən birgə təşkil olunub.
Qanvermə aksiyasına Respublika Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub.
Respublika Qan Bankının həkimi Günel Mehdiyeva bildirib ki, aksiyanın məqsədi talassemiya, irsi qan və digər xəstəliklərdən əziyyət çəkən insanlara yardım etməkdir.
Yeni Azərbaycan Partiyasının davamlı olaraq qanvermə aksiyası təşkil etdiyini xatırladan G.Mehdiyeva bu təşəbbüsün humanizm, həmçinin sağlamlıq baxımından önəm daşıdığını bildirərək deyib: “Qanvermənin insan sağlamlığına bir çox faydaları var. Burada toplanan qanlar Respublika Qan Bankında müayinə olunacaq və aidiyyəti üzrə istifadə ediləcək. Belə bir xeyirxah təşəbbüsə görə partiyanın rəhbərliyinə, Mərkəzi Aparatına və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, aksiyada partiyanın Mərkəzi Aparatının əməkdaşları da daxil olmaqla, 300-dən artıq YAP üzvü iştirak edib.