SİYASƏT
YAP NAXÇIVAN ŞƏHƏR TƏŞKİLATININ KONFRANSI KEÇİRİLMİŞDİR
Naxçıvan, 2 mart (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatının VIII növbədənkənar konfransı keçirilmişdir.
Konfransda YAP Naxçıvan Muxtar Respublika təşkilatı Şurasının üzvü Elman Cəfərli məruzə etmişdir. Qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan YAP azərbaycançılıq ideologiyasına malik olduğuna görə tez bir zamanda siyasi hakimiyyətə gəlmişdir. Məhz Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin 1993-cü ildə xalq tərəfindən yekdilliklə Prezident seçilməsindən sonra Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edilmişdir. Dağıdılmış iqtisadiyyat bərpa edilmiş, ölkəyə investisiya cəlb olunmuş, neft müqavilələri imzalanmış və ölkəmiz inkişaf yoluna qədəm qoymuşdur. Bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən YAP sədri, Prezident İlham Əliyev Azərbaycanı regionun lider dövlətinə çevirmişdir.
Məruzə ətrafında çıxışlardan sonra təşkilati məsələyə baxılmışdır. Elman Cəfərli yekdilliklə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri seçilmişdir.
Konfransda YAP Naxçıvan MR təşkilatının sədr müavini Mirhəşim Seyidov çıxış etmişdir.