YAP NİZAMİ RAYON TƏŞKİLATININ VI KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 19-da Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının VI konfransı keçirilmişdir.
Konfransın işində YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və ARDNŞ-in prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev iştirak etmişlər.
YAP Nizami rayon təşkilatının sədri Şükür Mehrabov V konfransdan keçən dövr ərzində görülmüş işlər, əldə edilmiş nailiyyətlər və qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir.
Partiyanın rayon təşkilatının ərazidə həyata keçirilən ictimai-siyasi işlərlə yanaşı, quruculuq və abadlaşdırma işlərində də yaxından iştirakı sürətlə inkişaf edərək aparıcı siyasi qüvvəyə çevrildiyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, 1993-cü ildən fəaliyyət göstərən rayon təşkilatının hazırda 6 min 331 üzvü vardır. Onlar 99 ərazi ilk təşkilatında təmsil olunurlar. Partiyanın Gənclər Birliyinin və Qadınlar Şurasının üzvləri də ictimai fəallıqları ilə seçilirlər.
Natiq vurğulamışdır ki, rayon təşkilatı prezident seçkilərinə ciddi hazırlaşır. Bu kampaniya Seçki Məcəlləsinə uyğun aparılır, partiya rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir.
Oktyabrda keçiriləcək seçkilərin xalqın ümummilli lider Heydər Əliyevin ideyalarına, Vətənimizə, dövlətçiliyimizə sarsılmaz sədaqət və inamını əyani şəkildə nümayiş etdirəcəyini vurğulayan Ş.Mehrabov əminliklə bildirmişdir ki, seçicilər ulu öndərin siyasi xəttinin layiqli davamçısı, YAP sədri İlham Əliyevə yekdilliklə səs verəcəkdir.
Konfransda YAP rayon təşkilatı idarə heyətinin üzvləri, Nizami Rayon İcra Hakimiyyyətinin başçısı Mehbalı Əliyev, müharibə veteranları, ərazi ilk təşkilatının sədri Heydər Rəhimov, 220 nömrəli məktəbin direktoru Almaz Əsgərova, ARDNŞ Ekologiya İdarəsinin şöbə rəisi Füzuli Hacıyev çıxış edərək, son 5 ildə ölkəmizdə qazanılmış uğurlardan, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə aparılan islahatlardan və nəhəng quruculuq işlərindən danışmışlar.
Konfransda qəbul edilmiş qətnaməyə əsasən, YAP rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilmişdir.
Təşkilati məsələyə baxılmış, rayon təşkilatının yeni sədri, şuranın və nəzarət təftiş qrupunun yeni tərkibi seçilmişdir.
Səsvermə yolu ilə Sədaqət Vəliyeva yekdilliklə YAP Nizami rayon təşkilatının sədri seçilmişdir.
Yeni Azərbaycan Partiyasının IV qurultayına nümayəndələr seçilmişdir.
Əli Əhmədov konfransda çıxış edərək, Nizami rayon təşkilatının ölkədə aparılan nəhəng quruculuq işlərində yaxından iştirak etdiyini, qazanılmış nailliyyətlərdə onun da xüsusi rolu olduğunu bildirmişdir. Natiq demişdir ki, son illər dövlətimizin başçısı, YAP sədri İlham Əliyev tərəfindən ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu siyasi xəttin uğurla davam etdirilməsi Azərbaycanı regionun lider dövlətinə çevirmiş, xalqımızın maddi rifahı xeyli yaxşılaşmışdır. Bu müvəffəqiyyətlər qədirbilən vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir və növbəti prezident seçkilərində dövlətimizin başçısı və YAP-ın sədri İlham Əliyevin parlaq qələbə qazanacağı heç kimdə şübhə doğurmur.
YAP sədrinin müavini əmin olduğunu bildirmişdir ki, partiyanın rayon təşkilatının üzvləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak edəcək, son 5 ildə həyata keçirdiyi siyasətlə, əməli fəaliyyəti ilə vətəndaşlarımızın hədsiz məhəbbətini və hörmətini qazanmış Prezident İlham Əliyevə səs verəcəklər.
Konfransın sonunda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul olunmuşdur.
######
![]() |
![]() |

