SİYASƏT
YAP Nizami rayon təşkilatının yaranmasının 20 illik yubileyi münasibətilə tədbir keçirilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21 və partiyanın Nizami rayon təşkilatının 20 illik yubileyi münasibətilə “Zəngi” ərazi ilk partiya təşkilatında tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının “Zəngi” ərazi ilk partiya təşkilatının sədri Bayram Heydərov bildirmişdir ki, ötən 20 ildə Yeni Azərbaycan Partiyası qələbələrlə zəngin və şərəfli bir tarix yaşamışdır.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən biri də bugünkü uğurlarımızda mühüm rol oynayan, xalqın böyük əksəriyyətini təmsil edən YAP-ın yaradılmasıdır. YAP ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqın sağlam qüvvələrini öz ətrafında birləşdirərək, daima dövlətçiliyə, millətə xidmət etmişdir. Bu gün də partiya özünün bu prinsiplərinə sadiqliyini əməli fəaliyyəti ilə ləyaqətlə nümayiş etdirir.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirmişdir ki, 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev qısa zaman ərzində mövcud problemləri aradan qaldırdı və müasir, qüdrətli Azərbaycanın əsasını qoydu. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən Prezident İlham Əliyev demokratik Azərbaycanın inkişafına bu gün öz töhfələrini verməkdədir.
Sonra çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov və digərləri partiyanın Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki fəaliyyətindən bəhs etmişlər.
Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup partiya üzvünə fəxri fərman verilmişdir.