YAP SALYAN RAYON TƏŞKİLATININ YARADILMASININ 15 İLLİYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının yaradılmasının 15 illiyi münasibətilə iyulun 17-də təntənəli yığıncaq keçirilmişdir.
Rayon təşkilatının sədri Rəşad Cəbrayılov bildirmişdir ki, yarandığı 16 ildə YAP respublikanın əsas hərəkətverici siyasi qüvvəsinə çevrilmişdir. 1992-ci ildə YAP-ın yaranması, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin partiyanın sədri seçilməsi tarixi zərurət idi. 1993-cü il iyunun 15-də dünya şöhrətli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtmışdır. Qüdrətli siyasi lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan öz müstəqilliyini qoruyub saxlamış, onu dönməz prosesə çevirmişdir. Bu ağır və çətin proseslərdə YAP üzvləri də siyasi yetkinlik və əqidə bütövlüyü nümayiş etdirmişlər.
Məruzəçi Salyanın ilk YAP-çılarının adlarını və onların xidmətlərini minnətdarlıqla xatırladaraq, hazırda ölkədə partiya üzvlərinin sayının 450 min nəfərdən çox olduğunu vurğulamışdır. Təkcə ötən il partiyaya 28 mindən çox üzv qəbul olunmuşdur. Salyanda isə YAP üzvlərinin sayı 4 min 847 nəfərdir. Onlardan 1716 nəfəri qadın, 1859 nəfəri isə gəncdir.
Məruzə ətrafında çıxış edənlər partiyanın keçdiyi şanlı yola nəzər salaraq ölkənin iqtisadi və siyasi gücünün xeyli artdığını, Prezident İlham Əliyevin cəmiyyətdə alternativsiz siyasi nüfuza malik olduğunu faktlarla diqqətə çatdırmışlar.
Yığıncaqda Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul edilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Əkrəm Abdullayev və YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev iştirak etmişlər.