YAP Səbail rayon təşkilatı Milli Mətbuat Gününü qeyd edib
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-də Bakı şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Dövlət Himni səsləndirilib.
Tədbirdə ölkənin ictimai-siyasi və media nümayəndələrinin çıxışları dinlənilib. Çıxış edənlər mətbuatın milli suverenliyin qorunmasında, informasiya təhlükəsizliyində və vətəndaş cəmiyyətinin formalaşmasında oynadığı mühüm rolu vurğulayıblar.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbirin əhəmiyyətindən bəhs edərək, medianın milli maraqlara xidmət etməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, mətbuat cəmiyyətin güzgüsüdür: “Azərbaycan mətbuatı müstəqilliyimizin, dövlətçiliyimizin və milli dəyərlərimizin təbliğində daim ön sırada dayanıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və medianın inkişafı bu siyasətin mühüm hissəsidir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə bir tədbirin keçirilməsi həm hüquqi, həm də mənəvi dəyərlərimizin təbliği baxımından vacibdir”.
Milli Məclisin deputatı və “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan mətbuatının keçdiyi tarixi yoldan və Prezident İlham Əliyevin media siyasətindən danışıb. Qeyd edib ki, mətbuat həm maarifləndirici, həm də milli təhlükəsizlik baxımından strateji bir gücdür. Azərbaycan mətbuatının inkişaf mərhələləri göstərir ki, sözün gücü ilə də tarix yazmaq mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində aparılan islahatlar informasiya cəmiyyətinə keçidin əsasını qoyur.
“Respublika” qəzetinin baş redaktoru Hümmət Musayev mətbuatın intellektual inkişafdakı töhfələrindən danışıb. Bildirib ki, Azərbaycan mətbuatı bu gün təkcə informasiya daşıyıcısı deyil, həm də elmə, təhsilə, inkişafa töhfə verən tribunadır: “Biz “Respublika” qəzetində elmi maarifləndirməni də prioritetlərimizdən biri kimi görürük. Müasir dünyada texnologiya, süni intellekt və informasiya axını içində ən qiymətli olan etibarlı və doğru informasiyadır. Bu gün bu vəzifəni üzərinə götürən media nümayəndələrinə təşəkkür edir, əzm və obyektivlik diləyirəm”.
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli isə çıxışında Azərbaycan mətbuatının zəngin və şərəfli inkişaf yoluna malik olduğunu söyləyib. Vurğulayıb ki, dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı, media nümayəndələri öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər: “Xüsusilə də, 44 günlük Vətən müharibəsi milli mətbuatımızın vətənpərvərliyini, fədakarlığını və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan mediası postmüharibə dövründə də öz missiyasını uğurla yerinə yetirir və fəaliyyətini yeni çağırışlara uyğun qurur”.
Tədbir digər çıxışlarla davam etdirilib.