YAPON HƏKİMİ QƏBƏLƏDƏ XEYRİYYƏ AKSİYASI KEÇİRMİŞDİR
Qəbələ rayon Mərkəzi Xəstəxanasında təşkil olunan xeyriyyə tədbiri çərçivəsində 500 nəfərin gözləri müayinə olunmuş, xəstələrə lazımi məsləhətlər və Yaponiya istehsalı olan eynəklər verilmişdir. “Fuci Optical” LTD şirkətinin direktoru həkim Kanay Akionun rəhbərlik etdiyi 6 nəfərdən ibarət həkim qrupu müayinələri Yaponiyadan gətirilmiş müasir aparatlarla aparmışdır.
Ucqar kəndlərin sakinlərinin həmin günlərdə xəstəxanaya gəlməsi üçün pulsuz minik maşınları təşkil edilmişdir.
Həkim Kanay Akio hər il şirkətin qazancının bir hissəsini bu cür xeyriyyə aksiyalarının keçirilməsinə xərcləyir. O, artıq dördüncü ildir ki, Azərbaycanın müxtəlif bölgələrində imkansız adamların gözlərini müayinə edir və onlara tibbi yardım göstərir. Ötən müddət ərzində 10 mindən artıq Azərbaycan vətəndaşı bu xeyriyyə tədbirlərindən bəhrələnmişdir.
Yaponiyalı həkimlər iyunun 13-14-də Oğuz rayonunda, 16-17-də isə Sumqayıt şəhərində xeyriyyə aksiyaları keçirəcəklər. Bu xeyriyyə kampaniyası çərçivəsində ümumilikdə 2500 nəfərin müayinə olunması və eynəklə təmin edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının dəvəti və təşkilatçılığı ilə “Fuci Optical” LTD şirkəti hər il bu yardımı məhz Azərbaycana istiqamətləndirir.