Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirmişlər ki, “Nizami” kinoteatrında Yaponiya filmləri həftəsinin açılış mərasimi olmuşdur. Mədəniyyət naziri Polad Bülbüloğlu mərasimdəki çıxışında ölkələrimiz arasında mədəni əlaqələrin inkişafından danışmış, o cümlədən Yaponiya hökumətinin ayırdığı qrant hesabına Azərbaycan Dövlət Simfonik Orkestrinin “Yamaha” firmasının istehsalı olan yeni musiqi alətləri ilə təmin edilməsini məmnunluqla xatırlatmışdır. Dövlət Akademik Opera və Balet Teatrının, M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının və bir sıra digər mədəniyyət müəssisələrimizin də Yaponiyanın yardımı ilə müasir avadanlıqla təmin olunduğunu vurğulayan nazir belə köməyin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirmişdir.
Mərasimdə Azərbaycanda Yaponiya filmləri həftəsinin keçirilməsinin təqdirəlayiq hal olduğu qeyd edilmiş, həmin ölkənin Bakıdakı səfirliyinin bu sahədəki təşəbbüsü yüksək qiymətləndirilmişdir.
Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara mərasimdə çıxış edərək öz ölkəsində respublikamıza olan maraqdan, xalqlarımızın mədəniyyətlərinin qarşılıqlı tanıdılmasının yollarından danışmışdır.