Yaponiya hökuməti əhalini koronavirusun yayılmasına qarşı tədbirləri davam etdirməyə çağırıb
Tokio, 17 may, AZƏRTAC
Yaponiya hökuməti 39 prefekturada fövqəladə vəziyyət rejiminin aradan qaldırılmasına baxmayaraq, əhalini koronavirusun yayılmasına qarşı tədbirləri davam etdirməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, mayın 15-dən Yaponiyanın 39 prefekturasında fövqəladə vəziyyət rejimi aradan qaldırılsa da, Tokio və Osaka daxil olmaqla 8 əsas prefekturada bu rejim hələ də davam edir.
Rəsmi mənbələrin bildirdiyinə görə, fövqəladə vəziyyət rejimi aradan qaldırıldıqdan bir gün sonra, mayın 16-da əvvəlki günlə müqayisədə daha çox insanın küçələrə çıxdığı müşahidə edilib.
Eyni zamanda, qeyd edilir ki, mayın 21-də qalan prefekturalarda da fövqəladə vəziyyəti aradan qaldırmağa hazırlaşan hökumət strukturları yoluxmanın yeni dalğasının başlaya biləcəyini nəzərə alaraq, vəziyyəti ciddi nəzarətdə saxlamağa çalışır.
Bununla yanaşı, Yaponiyanın digər ərazilərində yaşayan sakinlərdən sosial məsafəni gözləmək, kütləvi iaşə və əyləncə obyektlərində, o cümlədən barlarda, gecə klublarında, karaokelərdə və idman zallarında qadağalarla bağlı tövsiyələrə əməl etmək xahiş edilir.
Əlavə olaraq bildirək ki, son məlumatlara əsasən, Yaponiyada ümumilikdə koronavirusa yoluxanların sayı 17022 nəfər təşkil edib. Onlardan 11806-nın sağaldığı, ümumilikdə 761 nəfərin öldüyü bildirilir. Daha 236 nəfərin vəziyyətinin çox ağır olduğu qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio