DÜNYA
Yaponiya hökuməti ölkədən turizm məqsədilə gedənlər üçün vergi tətbiq etməyi planlaşdırır
![Yaponiya hökuməti ölkədən turizm məqsədilə gedənlər üçün vergi tətbiq etməyi planlaşdırır](/files/2017/3/1200x630/15095941731825529937_1200x630.jpg)
Tokio, 2 noyabr, AZƏRTAC
Yaponiya hökuməti turizm sahəsində siyasətini gücləndirmək məqsədilə ölkəni tərk edənlər üçün vergi tətbiq edilməsini planlaşdırır.
AZƏRTAC NHK telekanalının rəsmi mənbələrə istinadla yaydığı xəbərə əsasən bildirir ki, yeni vergidən əldə ediləcək gəlir immiqrasiya nəzarəti prosedurunun sürətləndirlməsinə, həmçinin digər təkmilləşdirmələrlə yanaşı, kənd yerlərində mədəni və təbii görməli yerlərin inkişafına yönəldiləcək.
Turizm İdarəsi tərəfindən tərtib edilən qanun layihəsinin ilkin variantına əsasən, ölkəni hava və ya dəniz nəqliyyatı ilə tərk edəcək hər bir vətəndaşdan 1000 yen (təqribən 9 dollar) vergi alınması təklif edilir.
İdarənin hesablamalarına görə, yeni verginin tətbiqi nəticəsində əldə ediləcək gəlir ildə təqribən 350 milyon dollar təşkil edəcək.
Hökumət nümayəndələri yeni verginin 2019-cu maliyyə ilinin başlanğıcında tətbiqinin mümkünlüyünü araşdırırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio