Yaponiya universitetinin professoru Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb
Bakı, 4 dekabr, AZƏRTAC
Qərbi Azərbaycan İcmasında keçirilən III Beynəlxalq Konfrans çərçivəsində Qərbi Azərbaycan İcması Nəzarət Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov ilə Yaponiyanın Doşişa Universitetinin professoru, həmin ali məktəbin sabiq rektoru professor Hisae Nakanişi arasında görüş keçirilib.
İcmadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı cari ilin avqust ayında Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin regionda davamlı sabitliyin təmin edilməsi baxımından mühüm sənəd olduğunu qeyd edilib. K.Cəfərov qeyd edib ki, sülh prosesinin de-yure yekunu üçün Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməli, konstitusiyasına dəyişikliklər edilməlidir. Çünki mövcud bəzi maddələr beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə ziddir. Millət vəkili, həmçinin uzun illər etnik təmizləmə səbəbindən ana vətənlərindən didərgin düşmüş Qərbi azərbaycanlıların qayıdış hüququ barədə məlumat verib, Ermənistan mediasında sülh mövzusu ilə bağlı vəziyyəti müzakirə edib. Bildirib ki, hazırda Ermənistanda ictimai rəy əsasən daxili siyasi gərginliklər üzərində cəmlənib. Bu da sülh təşəbbüsləri üçün maneə yaradır. Azərbaycan tərəfi isə sülh təşəbbüsləri istiqamətində ardıcıl və birmənalı mövqe nümayiş etdirir.
H.Nakanişi çıxışı zamanı sülhün təkcə siyasi sənədlərlə ölçülmədiyini, eyni zamanda, insanların xatirələri, kimliyi və mədəni irsi ilə sıx bağlı olduğunu vurğulayıb. O, 2022-ci ildə Şuşaya etdiyi səfəri də xatırladaraq Qarabağda aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndirib. Qonaq, həmçinin Qərbi Azərbaycan İcması ilə bağlı apardığı araşdırmalardan, tarixi mənbələr, demoqrafik proseslər və mədəni yaddaş üzrə tədqiqatlarından bəhs edib.
Görüşün sonunda H.Nakanişi Azərbaycan ilə Ermənistan arasında tələbə mübadilə proqramlarının başlanmasını təklif edib. Vurğulayıb ki, bu təşəbbüslər gənclər arasında qarşılıqlı anlaşmanı gücləndirə, stereotipləri aradan qaldıra və regionda uzunmüddətli sülhə xidmət edə bilər.