Yaponiyadakı həmyerlilərimiz Azərbaycan Ordusunun Dağlıq Qarabağdakı qələbəsinə qəlbən sevinirlər
Tokio, 6 aprel, AZƏRTAC
Bütün Azərbaycan xalqı kimi Yaponiyanın Azərbaycan diasporu da ölkəmizin Dağlıq Qarabağ regionunda şanlı ordumuzun qələbəsinə sevinir və işğal edilmiş torpaqların azad edilməsi uğrunda canından keçmiş şəhidlərin ailələrinə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Bu sözləri Yaponiyadakı diasporumuzun üzvləri AZƏRTAC-ın bu ölkədəki müxbirinə müsahibələrində söyləyiblər.
Elektronika sahəsində tanınmış alim Xəlil Kələntər bildirib ki, Yaponiyada yaşayan azərbaycanlılar cəbhə xəttində baş verənləri diqqətlə izləyir, yapon kütləvi informasiya vasitələrindən, o cümlədən AZƏRTAC-dan məlumat alırlar.
X.Kələntər vurğulayıb ki, diasporumuzun üzvləri dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli həllinə və Ermənistan tərəfindən işğal edilmiş bütün ərazilərin azad edilməsinə yönələn siyasətini tam dəstəkləyirlər. “Biz çox yaxşı başa düşürük ki, tarixi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi sülhü bərqərar etməklə yanaşı, həm də bütün regionun inkişafına güclü təkan verəcək. Azərbaycan münaqişənin həlli ilə bağlı həmişə konstruktiv mövqe nümayiş etdirsə də Ermənistan rəhbərliyinin məkrli siyasəti danışıqlar prosesinin nəticələrini heçə endirib. Erməni qüvvələrinin cəbhə xəttində törətdiyi növbəti təxribat isə, haqlı olaraq onların işğal etdiyi bir çox ərazilərin azad olunması ilə nəticələnib. Biz, Yaponiyada yaşayan azərbaycanlılar şanlı Azərbaycan Ordusunun bu uğurlarına ürəkdən sevinirik. Prezident İlham Əliyevin işğal altında olan ərazilərin azad edilməsi ilə bağlı siyasətini tam dəstəkləyirik”,- deyə həmsöhbətim bildirib.
Tokioda təhsil alan azərbaycanlı tələbələr Firuzə Abuzərova, Teymur Parlanov və Azər Zeynalov da Azərbaycan Ordusunun cəbhə bölgəsindəki uğurlu əməliyyatının nəticələrinin onlarda böyük sevinc hissi doğurduğunu bildiriblər. Vurğulayıblar ki, Azərbaycandan çox-çox uzaqlarda olsalar da qəlbləri xalqımızla, müzəffər ordumuzla birlikdədir. Ağır döyüşlər zamanı həlak olan qəhrəman döyüşçülərimizin ailə üzvlərinə, bütün xalqımıza baş sağlığı verən həmyerlilərimiz, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərimizin tezliklə azad ediləcəyinə əminliklərini bildiriblər. Vurğulayıblar ki, Azərbaycan xalqı haqq işi uğrunda mübarizə apardığına görə, qələbə bizimlədir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio