YAPONİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ MASAMİTSU OKİ İSMAYILLIDA OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində İsmayıllı rayonunda reallaşan layihələrlə əlaqədar bu ölkənin Azərbaycandakı səfiri Masamitsu Oki iyunun 24-25-də İsmayıllıda olmuşdur.
Səfərin birinci günü diplomat və onu müşayiət edən qonaqlar şəhərin mərkəzində ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə çiçəklər qoymuşlar. Sonra Masamitsu Oki proqram çərçivəsində əsaslı təmir edilmiş uşaq poliklinikasının açılış mərasimində iştirak etmişdir.
Səhiyyə işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov respublikamızda əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf konsepsiyasından, bu sahədə əldə edilən böyük nailiyyətlərdən, habelə İsmayıllıda görülən işlərdən danışmışdır.
Səfir Masamitsu Oki İsmayıllıya birinci dəfə gəldiyini bildirmiş, səmimi qarşılandığı üçün təşəkkür etmişdir. Qonaq əsaslı təmirdən sonra poliklinikanın istifadəyə verilməsi münasibətilə tibb kollektivinə xoş arzularını çatdırmışdır. Məlumat vermişdir ki, Yaponiya hökumətinin Azərbaycanda 2000-ci ildən həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində ümumi məbləği 6.976.402 ABŞ dolları olan 102 layihə reallaşdırılmışdır. Bu layihələrdən 5-i İsmayıllı rayonunun payına düşür. Proqram Azərbaycanda əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir və bələdiyyələr, tibb müəssisələri, təhsil ocaqları, habelə QHT-lər tərəfindən həyata keçirilən nisbətən kiçik miqyaslı layihələrə ayrılır. Belə layihələr, sosial müdafiə, ətraf mühit, yoxsulluğun azaldılması və gəlirlərin artırılması sahələrini əhatə edir.
Qonaqlar respublika Səhiyyə Nazirliyi tərəfindən mebel və müasir tibbi avadanlıqlarla təchiz edilmiş ayrı-ayrı otaqları gəzmiş, yaradılmış şəraitlə tanış olmuşlar.
Tədbirdən sonra rayon icra hakimiyyətində “Ot kökləri və insan təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində rayonun Lahıc qəsəbəsində həyata keçiriləcək yeni layihənin imzalanma mərasimi keçirilmişdir. Yaponiya tərəfindən səfir Masamitsu Okinin, Azərbaycan tərəfindən isə Azərbaycan İcma İnkişafı üzrə, Tədqiqat, Təlim və Resurs Mərkəzinin icraçı direktoru Yasin Dadaşovun imzaladıqları müqaviləyə əsasən, qəsəbədə yeni su anbarı tikiləcəkdir. Layihənin bu ilin sonunadək reallaşdırılması nəzərdə tutulur. Su anbarı Lahıcda 852 nəfər sakinin içməli su ilə təminatını tamamilə yaxşılaşdıracaqdır.
Sənədin imzalanma mərasimindən sonra səfir və digər qonaqlar rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərovun müşayiəti ilə İvanovka kəndinə gəlmişlər. Sakinlər tərəfindən mehribanlıqla qarşılanan qonaqlar burada ulu öndər Heydər Əliyevin abidəsini, habelə ikinci dünya savaşında həlak olmuş ivanovkalıların xatirə kompleksini ziyarət etmişlər. İvanovkanın tarixi, təsərrüfat fəaliyyəti, sakinlərin həyat tərzi barədə məlumatlandırılan qonaqlar kənddə mədəniyyət sarayına, orta məktəbə, sahə xəstəxanasına baxmışlar. Xəstəxanada səfir Masamitsu Oki binanın təmirinə, istilik sisteminin qurulmasına yardım göstərilməsi barədə kollektivin xahişinə müsbət cavab vermiş, bununla əlaqədar şifahi razılaşma əldə olunmuşdur.
Günün ikinci yarısında Yaponiya səfiri Lahıc qəsəbəsinə gəlmişdir. 2000 illik tarixi olan bu qədim diyarda sakinlər tərəfindən qonaqpərvərliklə qarşılanan qonaq onlara su anbarının tikintisi ilə əlaqədar layihə barədə məlumat vermişdir. Qonaqlar qəsəbəni gəzmiş, muzeydə və misgərlik emalatxanalarında qədim sənət nümunələrinə baxmış, Lahıcın tarixi haqda ətraflı məlumatlandırılmışlar.
İsmayıllıya səfərinin ikinci günü Masamitsu Oki rayonun Buynuz kəndində adı çəkilən proqram çərçivəsində inşa edilmiş, layihə dəyəri 85 min 510 ABŞ dollar olan 200 yerlik, 12 sinif otağından ibarət yeni məktəb binasının açılışında iştirak etmişdir. Məktəblilər qonaqları çiçək dəstələri və musiqi ilə qarşılamışlar.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov çıxış edərək layihənin gerçəkləşməsində göstərilən maliyyə dəstəyinə görə Yaponiya hökumətinə, səfir Masamitsu Okiyə təşəkkürünü bildirmişdir.
Masamitsu Oki çıxış edərək hökuməti adından bu cür layihələrə bundan sonra da dəstək verəcəklərini söyləmiş, yüksək qonaqpərvərliyə görə minnətdarlığımı bildirmiş, məktəb kollektivinə təhsildə uğurlar arzulamışdır.
Sonda qonaqlar məktəbi gəzmiş, yaradılmış şəraitlə tanış olmuşlar.