Yaponiyanın “Toyota” və “Honda” şirkətləri Malayziyada avtomobil istehsalını dayandırır
Tokio, 1 iyun, AZƏRTAC
Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış “Toyota” və “Honda” şirkətləri koronavirusa görə tətbiq edilən məhdudiyyətlərlə əlaqədar Malayziyada istehsalı və satışı dayandırmaq barədə qərar qəbul ediblər.
AZƏRTAC “Nikkei” qəzetinə istinadla xəbər verir ki, Malayziya hökumətinin tələbinə uyğun olaraq, həmin şirkətlərin zavodlarında işçilərin cəmi 10 faizi qalıb ki, bu da istehsalı davam etdirməyə imkan vermir. Bildirilir ki, “Toyota” şirkətinin Malayziyanın Selanqor ştatında iki zavodu var. “Honda” şirkətinin də bu ölkədə motosiklet və avtomobil istehsal edən iki müəssisəsi mövcuddur.
Qeyd edək ki, iyunun 1-dən Malayziyada koronavirus pandemiyası fonunda ən ağır sosial-iqtisadi məhdudiyyətlər tətbiq edilib. Baş nazir Muhiddin Yassin tərəfindən elan edilən ciddi tədbirlər ölkənin bütün ərazisində iyunun 14-dək davam edəcək. Vəziyyət yaxşılaşacağı təqdirdə bu məhdudiyyətlərin mərhələlərlə aradan qaldırılması nəzərdə tutulur.
Bildirək ki, Malayziyada mayda yoluxmaların sayı kəskin artıb. Ötən həftə növbəti antirekord qeydə alınıb - sutka ərzində 9 mindən çox yoluxma. Mütəxəssislər bunu ölkə ərazisinə virusun sürətlə yayılması ilə seçilən Hindistan ştamının daxil olması ilə əlaqələndirirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio