YARDIMÇI STANSİYANIN GÜCÜ ARTIRILMIŞDIR
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, “Şirvan Yüksək Gərginlikli Elektrik Şəbəkəsi” (YGEŞ) Məhdud Məsuliyyətli Cəmiyyəti enerji sisteminin sabit fəaliyyətinin təmin edilməsi və hasil olunan enerjinin istehlakçılara çatdırılması məqsədi ilə bir sıra tədbirlər həyata keçirir. Belə ki, Şirvan YGEŞ-in yardımçı stansiyasında 1,6 meqavat gücündə transformator işə salınmışdır. Ümumiyyətlə, cari ilin ötən dövründə müəssisənin balansında olan elektrik ötürücü xətlərində və yardımçı stansiyalarda nəzərdə tutulmuş təmir işləri başa çatdırılmışdır.
“Cənub”, “Sabirabad”, “Muğan” və “Cavad” yardımçı stansiyalarında müxtəlif gücə malik transformatorlar əsaslı, digər yardımçı stansiyalarda isə hava xətlərinin yağ açarları cari təmir edilmişdir. II və III Şirvan, III Masallı, Sol Sahil hava xətlərində isə 27 kilometrə yaxın xətt, onların davamlılığını möhkəmləndirmək üçün dayaqlar təmir edilmiş və 600-ə yaxın izolyator dəyişdirilmişdir.
Bundan əlavə, 330 kilovoltluq Şirvan-İmişli, İmişli-Parsabad, 220 kilovoltluq Şirvan-Salyan, Salyan-Masallı hava xətlərinin inşası, eyni zamanda, “Masallı” yardımçı stansiyasında yenidənqurma işləri və “Salyan” yardımçı stansiyasının tikintisi davam etdirilmişdir.
Hazırda 110 kilovoltluq “Biləsuvar” yardımçı stansiyasında gücü 40 meqavat, “Cəlilabad” yardımçı stansiyasında isə 10 meqavat olan transformatorlar əsaslı təmir edilir.