Yaşar Vahabzadə: oyun sistemində müəyyən dəyişikliklər edəcəyik
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-dan Avstriyada məşqlərə başlayacağıq. Təvəllüdü uyğun gələn və müəyyən mənada fərqlənən futbolçulara dəvət göndərmişik. Çox təəssüf ki, bəzi futbolçular müəyyən səbəblərdən komandaya qoşula bilməyiblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə Avropa çempionatının seçmə mərhələsində Avstriya və Finlandiya komandaları ilə oyun ərəfəsində deyib.
Baş məşqçi qeyd edib ki, əsas heyətin üzvləri - Elşən Abdullayev, Coşqun Diniyev, Orxan Əliyev və Seymur Əsədov zədəli olduqları üçün bizə kömək edə bilməyəcəklər. Həmçinin şəxsi işləri ilə əlaqədar Vüqar Mustafayev Bakıda qalır. Elnur Cəfərov isə əsas millinin düşərgəsinə dəvət olunduğu üçün onun xidmətindən yararlana bilmirik.
Futbolçuların hər biri ilə həm fərdi, həm də ümumi söhbətlərinin olacağını vurğulayan baş məşqçi bildirib ki, əvvəlki məğlubiyyətləri unutmaq lazımdır: “Həyat davam edir. Bizi qarşıda daha iki oyun gözləyir. Hər iki oyun çox vacibdir. Hazırlaşmaq lazımdır. Heyətlə bağlı olan problemlərimiz işimizi xeyli çətinləşdirir. Bəzi futbolçuların iştirak etməməsi oyunumuza mənfi təsir göstərəcək. Ola bilər ki, oyun sistemində müəyyən dəyişikliklər edək. Rəqibin oyunlarına dəfələrlə baxmışam. Onlara qarşı öz oyunumuzu qurmalıyıq”.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da səfərdə Avstriya, oktyabrın 13-də isə Bakıda Finlandiya yığması ilə qarşılaşacaq.