“Yaşıl gələcək, təmiz məktəb!” – Şagirdlər maarifləndirilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl gələcək, təmiz məktəb!” layihəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Bakı şəhərinin müxtəlif ümumi təhsil məktəblərində şagirdlər üçün ekoloji maarifləndirmə tədbirləri təşkil olunub. Tədbirlərdə yüzlərlə məktəbli iştirak edib.
Ekoloji maarifləndirmə tədbirləri həm nəzəri, həm də praktiki və yaradıcı fəaliyyətləri əhatə edib. İştirakçılara ətraf mühitin qorunması, tullantıların çeşidlənməsi və düzgün idarəolunması, təkrar emal, iqlim dəyişiklikləri, dayanıqlı həyat tərzi, resurslardan səmərəli istifadə və yaşıl şəhər anlayışı barədə məlumat verilib.
Tədbirlər zamanı məktəblilərlə interaktiv müzakirələr aparılıb, ekoloji problemlərin yaranma səbəbləri və onların həlli yolları nəzərdən keçirilib. Şagirdlərin gündəlik həyatlarında tətbiq edə biləcəkləri ekoloji davranış nümunələri praktiki fəaliyyətlər vasitəsilə izah olunub.
Maarifləndirmə proqramının praktiki hissəsində uşaqlar üçün yaradıcı fəaliyyətlər də təşkil edilib. Onlar kətan çantaları öz təsəvvür və yaradıcılıqları əsasında rəngləyiblər. Bu fəaliyyət vasitəsilə çoxistifadəli çantalardan istifadənin əhəmiyyəti, birdəfəlik plastik məhsulların istifadəsinin azaldılması və gündəlik həyatda ekoloji seçimlərin təşviqi diqqətə çatdırılıb.
Beləliklə, layihə çərçivəsində ekoloji biliklərin yalnız nəzəri şəkildə ötürülməsi deyil, uşaqların birbaşa praktiki fəaliyyətlərə cəlb olunması da təmin edilib. Bu yanaşma iştirakçıların ekoloji mövzulara marağının artırılmasına və ətraf mühitin qorunmasına dair məsuliyyətli davranış vərdişlərinin formalaşdırılmasına xidmət edib.
Layihənin əsas məqsədi məktəblilərdə ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, ekoloji düşüncə tərzinin təşviqi və gənc nəslin davamlı inkişaf prinsipləri barədə məlumatlılığının artırılması olub.