“Yaşıl Marafon 2022” kampaniyasında maliyyə qurumları da iştirak edib
Bakı, 11 aprel, AZƏRTAC
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl Marafon” çərçivəsində ölkənin açıq meşə fondu torpaqlarında genişmiqyaslı silsilə ağacəkmə və meşəbərpa tədbirləri keçirilir.
Aprelin 11-də “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon 2022”) çərçivəsində ölkə üzrə növbəti ağacəkmə aksiyası Müşfiqabad qəsəbəsində keçirilib.
Azərbaycan Mərkəzi Bankının təşəbbüsü ilə tədbirdə ölkədə fəaliyyət göstərən maliyyə qurumları - Azərbaycan Banklar, Azərbaycan Sığortaçılar, Azərbaycan Mikromaliyyə, Azərbaycan Fintex, Azərbaycan Fond Bazarı İştirakçılarının assosiasiyalarının nümayəndələri də iştirak edib.
“Yaşıl Marafon” ümumrespublika yaşıllaşdırma kampaniyasında iştirak edən qurumlardan biri də Azərbaycan Mikromaliyyə Assosiasiyasıdır. Qurumun rəhbəri Cəlal Əliyev AZƏRTAC-a müsahibəsində qeyd edib ki, bu kampaniyada iştirak etdikləri üçün çox məmnundurlar.
Digər maliyyə qurumlarının nümayəndələri də ekologiyamıza töhfə verən tədbirlərdə davamlı iştirak edəcəklərini qeyd ediblər.