MƏDƏNİYYƏT
“Yaxşı ssenarini əla ssenariyə necə çevirməli” – yeni nəşr
Bakı, 4 dekabr, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə tərcümə edilmiş növbəti kitab işıq üzü görüb.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, amerikalı yazıçı, ssenarist, iki mindən çox ssenarinin məsləhətçisi olmuş, bir çox ölkələrdə seminarlar keçirmiş Linda Segerin “Yaxşı ssenarini əla ssenariyə necə çevirməli” (“How to make a good script great”) kitabını Azərbaycan dilinə yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli tərcümə edib.
Kitabda ssenarinin necə yazılması, maraqlı hekayənin necə qurulması diqqətə çəkilir. Linda Seger yazıçılara, kinodramaturqlara, rejissorlara və prodüserlərə yaxşı ssenarini əla ssenariyə çevirməyin yollarını izah edir. Ssenarinin doğru formada redaktə olunması ssenarist üçün sehrli bir gücdür. Məhz bu sehrli güc pis ssenarini daha yaxşıya, yaxşı ssenarini isə əlaya çevirə bilər.
Əli Əmirlinin kitaba yazdığı “Ön söz”də müəllifin nəşrdə ssenarinin yazılmasını və redaktəsi ilə bağlı yüksək peşəkarlıq səviyyəsində məsləhətlər verməsini, keyfiyyətli ssenarinin yazılma yollarının, sirlərinin konkret misallar üzərində göstərilməsindən bəhs edərək qeyd edir ki, kitabda kinossenarinin bütün komponentlərinə göstərilən tələblər araşdırılıb. Əlavə olaraq onu da bildirir ki, əslində, kitab sadəcə redaktorlara deyil, həm də daha çox kinodramaturqlara və kinorejissorlara ünvanlanıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən maliyyələşdirilən kitab Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə və kinematoqrafiya sahəsində təhsil alan və çalışan gənclərə paylanılacaq. Kitabın nəşrinə məsul şəxs Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi rejissor Əli İsa Cabbarovdur.