“YAY!” Qalereyasında Mahmud Rüstəmovun “Əks-səda” adlı fərdi sərgisi açılacaqdır
Bakı, 15 noyabr (AZƏRTAC). Noyabrın 16-da “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” Qalereyasında Mahmud Rüstəmovun “Əks-səda” adlı fərdi sərgisi açılacaqdır.
“YARAT!” Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirmişlər ki, sərgi dekabrın 10-dək davam edəcəkdir.
Sonradan bütün Avropanın muzey və fərdi kolleksiyalarına daxil olmaq üçün sakit Bakı həyatının kiçik bir emalatxanasında əsərləri yaranan heykəltəraş. Əsəri Sotbis Hərrac Evinin 2013-cü ildə Londonda təşkil etdiyi “Yolayrıcında” (At the Crossroads) sərgisində zəngin kolleksiyaçı tərəfindən satın alınmış tanınmış ustad-sənətkar.
“012 Bakı Public Art Festivalı”nın Qız Qalasının qəfildən yaranma versiyası ilə təsirlənmiş və şəhərin lap mərkəzində başqa planetdən gələn qızıl adam heykəli təsvirini quraşdırmağa risk edən yeganə iştirakçısı...
Bu, məşhur rəssamlar nəslinin davamçısı rəssam Mahmud Rüstəmovdur.
“Əks-səda” sərgisində ekspozisiya məkanı iki müxtəlif mənalı sahələrə - tunc və mərmər sahələrinə bölünmüşdür.
Heykəltəraşın yaratdığı əsərlər aqressiv şəkildə gözəl olan zərif erotizm və özünütənqidlə doludur. Kövrək mərmər, üzərindən qara rezindən olan müəmmalı çiçəklərin çıxdığı dairəvi, demək olar ki, qadın tək zərif formalar. Lakin, kimsə bu təhlükəli çiçəkləri daha çox zərif ağ mərmər vücudu parçalayan vəhşi quşun iti caynaqlarına bənzədə bilər. Tikan və qızılgül bir-birindən ayrılmazdır. Soyuq təmkin şiddətli ehtirasla birgə mümkündür. Təbii mahiyyət genetik mühəndisliyin təntənəsi ilə birgə addımlayır - heykəltəraşın əsərləri bu tərzdədir. Onlara nəzər saldıqda, içimizdə belə bir sual meydana gəlir: “Qarşımızda dayanan kimlərdir - bədən və qandan ibarət məxluqlar, yoxsa möhtəşəm biorobotlar?”.
İkilik və bipolyarlıqla bağlı həmin hissiyyat tuncdan yaradılan əsərlərə nəzər saldıqda da baş qaldırır... Ekspozisiya mərkəzində - Müqəddəs Georginin əlilə devrilmiş əjdahanın kəlləsi... Qanın laxtalandığı yaradan uzun müddət köhnə baba evinin sönmüş buxarının bətnində uyuyan Vətəndaş Müharibəsi vaxtlarından qalmış süngü çıxır.
Bu nədir - sülh nəğməsi yoxsa müharibə himni? Yöndəmsiz şarabənzər bədəni elə tunc almalarla doldurulmuş həyəcanlandırıcı tunc ördək nəyi simvolizə edir? Bayram süfrəsinin ləzzətli yeməyi qəflətən sənət əsərinə çevrilir. Tən kəsilmiş ətin içərisindən quşun skeleti üzə çıxır - bu, ya məzəli bədii kalambur, ya da insan hərisliyi və acgözlüyünə bir rişxənddir. İndi də sizə elə gəlməyə başlayır ki, ağlınıza gələn sual və şübhələr, öz növbəsində yeni, sonsuz sayda sual və şübhələr doğurur.
Ola bilər ki, sənətşünaslıq doktoru Leyla Axundzadənin fikrincə əsərləri özü ilə “...real və qeyri-reallığın, heyvani hisslər və zərif intellektuallığın, ilahi və şeytani başlanğıcların sintezini” ifadə edən müəllif elə məhz bunu arzulamışdır. Ola bilər ki, heykəltəraşın istəyi ilə mərmər, tunc və bizim şüurumuzun keçirdiyi metamorfozlar təsadüfi deyil, axı, məlum olduğu kimi...”...Mərmər daşının hər parçasında elə Praksitelin özünün daş yonan bıçağına layiq başlar yerləşmişdir. Tökülmüş heykəl artıq bu daşın içində olub” (Mark Tuli Siseron).
Мahmud Rüstəmov 1967-ci ildə Bakıda dünyaya gəlmişdir. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltəraşlıq fakültəsinin (1986), Azərbaycan Dövlət mədəniyyət və İncəsənət Universitetinin (1992) və Ömər Eldarovun rəhbərliyi altında Rəssamlıq Akademiyasının nəzdində Yaradıcı emalatxanaların (1998) məzunu olmuşdur.
Mahmud Rüstəmov 2000-ci ildə Mədəniyyət və Turizm, Gənclər və İdman nazirlikləri tərəfindən “İlin heykəltəraşı” mükafatına layiq görülmüşdür.
O, Bakıda keçirilən Beynəlxalq Müasir İncəsənət biennalelərinin, Moskvada “Mart” sərgisinin iştirakçısı olmuşdur. Onun yaradıcılıq bioqrafiyasında bir neçə fərdi və böyük qardaşı Teymur Rüstəmovla birgə təşkil etdiyi sərgiləri vardır. Əsərləri Azərbaycanda və ölkəmizin sərhədlərindən kənarda fəal nümayiş etdirilir.
Heykəltəraşın “YARAT!” Müasir İncəsənət Məkanı ilə əməkdaşlığı “012 Bakı Public Art” festivalı və “Kommunist” layihələrində iştirakı əhatə edir. Mahmud Rüstəmov həm Azərbaycan, həm də xarici ölkələrdə monumental heykəltəraşlıq nümunələrinin müəllifidir.
Sərgiyə giriş sərbəstdir.