Yazıçı-dramaturq Sabit Rəhmanın 100 illik yubileyi qeyd edilmişdir
Bakı, 7 dekabr (AZƏRTAC). Dekabrın 7-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yazıçı-dramaturq Sabit Rəhmanın 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbir çərçivəsində filologiya elmləri doktoru Bədirxan Əhmədovun “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı” və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Sabit Rəhman 100. Biblioqrafiya” kitablarının təqdimat mərasimi olmuşdur.
Yubiley tədbirində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev, Milli Kitabxananın direktoru Kərim Tahirov və başqaları çıxış edərək bildirmişlər ki, əsirlər ötsə də S.Rəhman kimi sənətkarlar heç vaxt unudulmur və onların əsərləri dəyərini itirmir.
Bildirilmişdir ki, Sabit Rəhmanın Azərbaycan nəsrinin və dramaturgiyasının, xüsusilə komediya janrının inkişafında böyük xidmətləri olmuşdur. Azərbaycan ədəbiyyatında əsası Mirzə Fətəli Axundzadə tərəfindən qoyulmuş komediya janrı Sabit Rəhmanın yaradıcılığında öz davamını tapmış və inkişaf etmişdir. Mövzularının aktuallığı, orijinallığı və incə xalq yumoru ilə səciyyələnən bu komediyalar Azərbaycanda musiqili komediya janrının və kinematoqrafiyanın inkişafında da mühüm rol oynamışdır.
Diqqətə çatdırılmışdır ki, ədəbi fəaliyyətə 1926-1927-ci illərdə “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi felyetonlarla başlamış Sabit Rəhmanın ilk hekayələr məcmuəsi 1931-ci ildə çap olunmuşdur. Bir çox hekayə və pyes müəllifi olan Sabit Rəhman Azərbaycan milli komediyasının banilərindəndir. O, məşhur “Arşın mal alan” və “O olmasın, bu olsun”, “Əhməd haradadır?” filmlərinin, “Ulduz” musiqili komediyasının ssenarilərinin, “Yeddi gözəl” baletinin librettosunun müəllifidir.
Onun “Şirin bülbül”, “Qudurğan”, “Qasımın macəraları”, “Kölgələr”, “Mirzəkələntər”, “Xəyal plov”, “Nikolay taxtdan düşdü”, “Qohumlar” hekayələri, “Vəfasız”, “Son faciə” povestləri, “Toy”, “Xoşbəxtlər”, “Aşnalar”, “Aydınlıq”, “Əliqulu evlənir”, “Yalan” və s. pyesləri, “Nina” pomanı bu gün də Azərbaycan ədəbiyyatının ən dəyərli sənət nümunələri kimi sevilə-sevilə oxunur.
S.Rəhmanın yaradıcılıq axtarışlarının daim yüksək qiymətləndirildiyini diqqətə çatdıran natiqlər vurğulamışlar ki, Şəkidə dünyaya göz açmış Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.
Sabit Rəhmanın nəvəsi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, musiqişünas Ceyran Mahmudova tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirmişdir.
Tədbir çərçivəsində Sabit Rəhmanın əsərlərindən, tərcümələrindən, onun həyat və yaradıcılığını əks etdirən kitablardan ibarət sərgi açılmışdır.
######
