Yekaterinburqda “Xocalıya ədalət” adlı konfrans keçirilmişdir
Moskva, 25 fevral (AZƏRTAC). Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğu və Ümumrusiya Azərbaycan Konqresinin “Azərbaycan” Sverdlovsk vilayət ictimai qurumunun təşkilatçılığı ilə Yekaterinburqda “Xocalıya ədalət” adlı konfrans keçirilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsçüsü olduğu “Xocalıya ədalət” beynəlxalq kompaniyası çərçivəsində təşkil edilmiş konfransda Rusiyanın bu regionunda yaşayan soydaşlarımız, vilayət və şəhər administrasiyasının, KİV-lərin nümayəndələri iştirak etmişlər.
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra faciə haqqında film nümayiş etdirilmişdir.
Konfransda Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov çıxış edərək 22 il əvvəl Azərbaycanın Xocalı şəhərində erməni quldurları tərəfindən törədilmiş qanlı hadisələr barədə məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan xalqına qarşı törədilmiş bu faciə XX əsrin ən qanlı hadisələrindən biridir. Erməni quldur dəstələrinin Xocalı şəhərinə basqını nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca öldürülmüş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 dinc sakin girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi indiyədək məlum deyildir. Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu qeyd edən baş konsul bu qanlı hadisələrin erməni millətçi-şovinistlərinin Azərbaycan xalqına qarşı 200 il ərzində davamlı olaraq həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi olduğunu vurğulamışdır.
S.Qasımov XX əsrin faciəsi olan Xocalı soyqırımının Ermənistan dövlətinin beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə həyata keçirdiyi təcavüzkar və cinayətkar siyasətin davamı olduğunu bildirmişdir. XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğu və əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayandığı vurğulanmışdır.
Tədbirdə “Azərbaycan” Sverdlovsk vilayət ictimai təşkilatının sədri Şahin Şıxlinski, “Xocalıya ədalət” kampaniyasının Moskva üzrə əlaqələndiricisi Kristina Mojayeva, Sverdlovsk vilayəti Azərbaycan Gənclər Təşkilatının sədri V.Vəliyev və Azərbaycanın Sverdlovsk vilayətində yaşayan fəalları iştirak etmişlər.
Tədbirin sonunda Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi məqsədilə hazırlanmış petisiyaya beynəlxalq imzatoplama aksiyası keçirilmişdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva