YENİ AZƏRBAYCAN PARTİYASI AĞDAM RAYON TƏŞKİLATININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının VII konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək düzmüşlər.
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Qədulla Səfərov VI konfransdan ötən dövr ərzində görülən işlər barədə hesabat vermişdir. Bildirmişdir ki, hesabat dövründə partiyanın üzvlərinin sırası genişlənmiş, təşkilatlanma, aparılan ideya-siyasi və təşkilatçılıq işi, xüsusən gənclərlə və qadınlarla iş keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ötən dövr ərzində rayon təşkilatı ideoloji işin aparılmasına xüsusi diqqət vermiş, ideya-siyasi və təşkilati işin forma və məzmununun canlandırılması və daha da təkmilləşdirilməsi baxımından məqsədyönlü iş aparmışdır. Bu istiqamətdə aparılan iş rayonda həyata keçirilən tədbirlər və digər məsələlərlə əlaqələndirilmişdir.
Ağdam rayon təşkilatında partiya üzvlərinin sayı 3846 nəfərə çatmışdır. Onlardan 1444 nəfəri qadın, 1085 nəfəri gənclərdir.
Xüsusi vurğulanmışdır ki, ağdamlılar ulu öndərin siyasi xəttinə, amallarına və ideyalarına həmişə sadiq olacaq və qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahəsində bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.
Konfransda çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev ötən əsrin 90-cı illərinin əvvəllərindəki siyasi vəziyyət, anarxiya və hərc-mərclikdən, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi sabitliyə və sosial-iqtisadi inkişafa nail olunduğundan danışmış, bildirmişdir ki, qarşıdan gələn seçkilərdə ağdamlılar yekdilliklə ölkəmizi işıqlı gələcəyə aparan Prezident İlham Əliyevə səs verəcəklər.
YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyası qarşısında duran vəzifələrdən, görüləcək işlərdən danışmış və partiya üzvlərini daha fəal olmağa çağırmışdır.
Konfransda YAP-a yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqəsi təqdim edilmişdir.
Yeni Azərbaycan Partiyasının IV qurultayına nümayəndələr seçilmişdir.
Konfrans nümayəndələri adından Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.